Azərbaycan millisinin hücumçusu Mahir Emreli sabah Millətlər Liqasında Litvaya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Prosport.Az-ın Kaunasa ezam olunmuş əməkdaşı xəbər verir ki, hücumçu əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.
– Sabah bizi çox önəmli oyun gözləyir, bunun fərqindəyik. Yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq. Bu gün son məşqimiz olacaq, yaxşı hazırlaşmağa çalışacağıq. Ümid edirəm ki, sabah istədiyimiz nəticəni qazanacağıq.
– Əsas heyətdə oynamağa hazırsınız?
– Tacikistanla matçın son dəqiqəsində dizimdən zədə aldım. Lakin vəziyyət yaxşıdır və oyuna tam hazıram. Düşünürəm ki, problem olmayacaq.
– Tacikistanla matçda 2-ci hissə meydana çıxdınız və fəal oynadınız. Göründü ki, istəklisiniz. Sabah qol vuracağını və ya məhsuldar ötürmə edəcəyini hiss edirsiniz?
– Tacikistanla matçda yaxşı təşkil olunmuş hücumlar etdik. Məşqdə hazırlaşdığımız bəzi elementləri tətbiq edə bildik. Belə məqamlar hücumçular üçün də yaxşıdır. Düşünürsən ki, qol vura bilərəm. Millidə qələbədən vacib heç nə yoxdur. Qol vura, məhsuldar ötürmə edə bilsəm, əlavə motivasiya olacaq.
