Şotlandiyanın “Seltik” klubunun “Qarabağ”dan transfer etdiyi Kamilo Duranın təxmini transfer dəyəri 3 dəfəyə yaxın artıb.
Prosport.Az xəbər verir ki, bu, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) apardığı son hesablamada əksini tapıb.
Azərbaycan klubundan 6 milyon avroya transfer olunan kolumbiyalı hücumçunun hazırkı təxmini transfer dəyəri 17,1 milyon avro müəyyənləşdirilib. Beləliklə, Duranın qiyməti “Seltik”ə keçidindən sonra 11,1 milyon avro və ya təxminən 2,9 dəfə artıb.
24 yaşlı hücumçu bu göstərici ilə Şotlandiya çempionatında CIES-in ən yüksək transfer dəyəri müəyyənləşdirdiyi futbolçular arasında 6-cı pillədə qərarlaşıb.
Siyahının ilk üç pilləsində onun komanda yoldaşları Benjamin Niqren (30,2 milyon avro), Kasper Höq (28,9 milyon avro) və Hyun-Jun Yanq (20,1 milyon avro) yer alıb. “Reyncers”in futbolçuları Nikolas Raskin (18,3 milyon avro) və Yussef Şermiti (17,7 milyon avro) isə Duranı qabaqlayıblar.
Qeyd edək ki, Kamilo Duran “Seltik”ə keçdikdən sonra ilk dəfə Kolumbiya milli komandasına çağırılıb.
