Rusiyanın “Akron” klubunun sabiq baş məşqçisi Zaur Tedeyev karyerasını davam etdirmək planlarından danışıb.
Prosport.Az xəbər verir ki, 45 yaşlı mütəxəssis çalışmaq istədiyi ölkələrdən bəhs edib.
O, hətta Azərbaycanda çalışmağa da hazır olduğunu söyləyib: “Rusiya Premyer Liqası, əlbəttə, prioritetdir. Amma xarici liqalar da məni maraqlandırır – Qazaxıstan, Azərbaycan və Belarusda futbol sürətlə inkişaf edir. Amma təbii ki, söhbət qarşısına çempionluq uğrunda mübarizə aparmaq məqsədi qoyan komandalardan gedir”.
Tedeyev çalışmaq istədiyi klubla bağlı şərtlərini də deyib: “Hazırda istirahətdəyəm, işləmək istəyirəm və artıq buna hazıram. Müəyyən təkliflər oldu, amma məni qane etmədi. Bəzi hallarda klubla qarşılıqlı anlaşma və iş istiqaməti baxımından fikir ayrılıqları yarandı. Strategiya ilə bağlı müəyyən şərtlərim var, amma klub buna hazır deyildi. Elə variantlar da oldu ki, hansısa məqamlar bizi qane etmədi. Hazırda ən vacib məsələ səhv seçim etməməkdir. İstəyirəm ki, klubun gözləntiləri ilə mənim məşqçi kimi imkanlarım arasında uyğunluq olsun. Burada son dərəcə sakit davranmaq və doğru zamanı gözləmək lazımdır”.
Qeyd edək ki, 2008-ci ildən məşqçilik edən Zaur Tedeyev son olaraq 2023-2026-cı illərdə “Akron”u çalışdırıb.
