Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq matçında Bakıda Tacikistan millisinə 1:0 hesabı ilə qalib gəlib.
Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
- Azarkeşlərə təşəkkür edirəm. Oyunun ağır keçəcəyini bilirdik. Qarışıq heyətlə oynadıq. Əsas motivasiya üçün qələbə lazım idi. Qələbə yaxşı oldu. 1-ci hissədə tempi yüksəldə bilmədik, amma 2-ci hissə dəyişiklikdən sonra 20-25 dəqiqə çox yaxşı temp oldu. Bu da bizə lazım olandır. Bizi ağır səfər gözləyir, bu tempə dözmək lazımdır. Bəzi oyunçularımıza istirahət verdik. İnanıram ki, onlar da bizə qoşulacaq və Litva səfərindən sərfəli nəticə ilə qayıdacağıq.
- Abdula Xaybulayevin durumu nə yerdədir? Edqar Adilxanovu necə, növbəti oyunlarda görə biləcəyik?
- Tək Xaybullayevdə yox, Mahirdə də zədə oldu. Xaybulayevdə problem yoxdur. 90 dəqiqə meydanda az olan futbolçularda bunlar hiss edildi. Edqara gəldikdə, bu gün qələbədən də çox, gəncləri qazandıq. Fərid Yusifli də debüt etdi. Hardansa başlanğıc olmalıdır. Gənclərə yol açmaq lazımdır.
- Cahangir Fərəcullayevlə danışırdınız. Sirr deyilsə, mövzu nə idi? Legionerlər də oynadı. Onlardan da razı qaldınız?
- Baş katib həmişə yanımızdadır, həmişə dəstəyini verir, uğurlar arzuladı. Milli komandada yaxşı oyuna sahib olmaq üçün vaxt lazımdır. 2 məşqlə, qarışıq heyətlə istədiyimizi tam ala bilmirik. 3 gün vaxtımız olacaq. Gənclər də gəlir. Komandanın perspektivi var.
- Bu oyundan sonra, sizcə, hansı detallarda artırmaq lazımdır?
- Bəzi mövqelər var idi ki, bizdə sual doğururdu, o futbolçuları görmək istəyirdik. Onları bu gün gördük, suallarımıza cavab oldu. Litva tam başqa cür komandadır, onlarla oyuna tam başqa hazırlaşacağıq. Oyun planımızda da dəyişikliklər olacaq.
- Rəhim Sadıqov start heyətində hücumun sivri ucunda yer alırdı. Bu, rəqib qapıçı Oleq Baklovu daha yaxşı tanıması ilə bağlı idi?
- Xeyr, oyun üslubumuzla bağlı idi. Rəqib pressinq edəndə, 2 hücumçulu sistemə keçirdik. Top bizdə olanda Rəhimdən daha çox 10 nömrə kimi istifadə etmək istəyirdik. Bəzən belə oyunlarda ondan rəqibin müdafiəsini yarmaqda gizli hücumçu kimi istifadə etmək istəyirik.
- Litva səfərindən 1 xal gətirmək sərfəli nəticə hesab oluna bilər?
- Qrupda 3 komanda var. Hər xal, hər top vacib olacaq. Əsas məqsəd 1-ci yeri tutmaqdır. Ona görə də nəticəyə oynamalıyıq. Xal vacib olacaq.
