Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq matçında Bakıda Tacikistan millisini 1:0 hesabı ilə məğlub edib.
Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Tacikistan yığmasının baş məşqçisi İqor Angelovski jurnalistlərin suallarını cavablandırıb.
- İlk olaraq Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm. Həqiqətən çox çətin oldu. Azərbaycan millisində keyfiyyətli oyunçular çoxdur. Onlar bundan çox yaxşı istifadə etdi. Toral Bayramov kimi standart vəziyyəti yaxşı vuran oyunçunuz var. Bizim də qol vurmaq imkanımız var idi. Hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Sonda komandamızın imkanı var idi. Təəssüf ki, istifadə edə bilmədik. Azərbaycanı təbrik edirəm.
- Məğlubiyyətinizə əsas səbəb nə oldu?
- Komandam bu gün yaxşı oynadı. Qol vura bilmədik. Bizim də keyfiyyətli oyunçularımız var. Hamısını analiz edəcəyik.
- Şimali Makedoniya millisinin baş məşqçisi kimi Azərbaycana qarşı komandanı meydana çıxarmışdınız. Bu gün isə Tacikistan millisinin baş məşqçisi kimi bunu etdiniz. Azərbaycan millisini necə müqayisə edərdiniz?
- Müqayisə aparmaq çox çətindir. Çünki o vaxtdan 5-6 il keçib. İndiki oyunçular fərqlidir, səhv etmirəmsə, o vaxtdan Emin Mahmudov və Mahir Emreli qalıb millidə. Yeni oyunçular var. Müqayisə apara bilmirik. Azərbaycan D divizionunda olmağa layiq deyil. Ümidvaram ki, xallar qazanaraq daha yaxşı yerlərə çıxacaq.
- Azərbaycan millisində sizi təəccübləndirən nə oldu?
- Gözləyirdim ki, oyunçularınız yaxşı oynayacaqlar. Ümid edirəm ki, futbolçularınız fərdi səviyyədə özlərini inkişaf etdirərlər, klubların göstərdiyi nailiyyətləri yığmada da göstərər. Futbolçulara, ölkəyə gözəl nailiyyətlər arzu edirəm.
- Oleq Baklovu start heyətində meydana buraxmağınızın səbəbi azərbaycanlı futbolçuları yaxşı tanımasından irəli gəlirdi?
- Yodlaşlıq oyunudur. Məqsədimiz Asiya Kubokuna hazırlıqdır. Tacikistan tarixində ikinci dəfə bu turnirdə iştirak edəcək. Bu oyunlar vaxtı müxtəlif versiyaları nəzərdən keçiririk. Çox gözəl 3 qapıçımız var.Bu dəfə Oleqdən istifadə etdik. Amma bu o demək deyil ki, həmişə o olacaq, digərlərini də nəzərdən keçirəcəyik ki, hər kəsin keyfiyyətinə bələd olaq.
