Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Millətlər Liqası matçlarından öncə Tacikistanla keçiriləcək yoldaşlıq görüşü ilə bağlı mətbuat konfransı keçirib.
Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşıdakı oyun haqqında danışıb.
– Bizi qarşıda Millətlər Liqası çərçivəsində dörd vacib qarşılaşma gözləyir. Milli səviyyəsində ilk dəfədir ki, bu qədər qısa vaxtda ardıcıl dörd matç oynayacağıq. Məhz bu səbəbdən heyəti daha geniş cəlb etdik. Sabahkı rəqibimiz Tacikistandır. Onlar 2026-cı ildən bəri məğlub olmayan, son oyunlarda yaxşı nəticələr göstərən kollektivdir. Bizdə isə legionerlərin bir qismi, məsələn, Anton Krivotsyuk və Cəlal Hüseynov toplanışa bir az gec qoşulduqları üçün məşqlərdə az iştirak ediblər. Buna baxmayaraq, ümumi fəaliyyət planımız var. Sabah həm yaxşı oyun göstərmək, həm də qalib gəlmək istəyirik. Rotasiyalara əl atacağıq ki, yeni gələn futbolçular da millinin mühitini hiss etsinlər. Əsas məqsədimiz bu oyunu növbəti üç çətin matça hazırlıq kimi dəyərləndirməkdir.
– Yoldaşlıq matçı üçün niyə məhz Tacikistan seçildi? Onların oyun üslubu Litva və Lixtenşteynə oxşardır?
– C Liqasında yarışlar başladığı üçün boş rəqib tapmaq çətindir. Məsələn, qrupda qarşılaşacağımız Lixtenşteyn və Litva artıq ayın 24-də bir-birləri ilə oynayacaqlar. Biz də məcburiyyətdən Asiya təmsilçilərinə üz tutduq və Tacikistan Bakıya gəlməyə razılıq verdi. Litva bir az fərqli komanda olsa da, ümumilikdə kollektivlərin güc nisbəti bir-birinə yaxındır. Yay toplanışında da rəqibləri qrupumuzdakı komandalara uyğun seçmişdik. Bizə belə yığmalara qarşı oyun keyfiyyətimizi və hücum potensialımızı artırmaq lazımdır. Son matçlarda çoxlu qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Daha güclü komandalarla oynayanda hücumda bu qədər vaxt keçirə bilmirik, buna görə də bu tip komandalarla oyunlar futbolçularda özünəinam yaratmaq baxımından vacibdir.
– Fiziki baxımdan komanda bu qrafikə tab gətirə biləcək? Oyunların yalnız birinin səfərdə olması üstünlükdür?
– Yalnız bir səfər matçının olması böyük üstünlükdür, çünki Litvaya uçuş 5 saatdan çox çəkir və ağır səfərdir. Bir aydır həmin məsələni təhlil edirik. Klublarında daimi oynayan futbolçulara böyük yük düşəcək. Məsələn, Mahir Emreli, Rəhman Daşdəmirov və Rüfət Abbasov kimi oyunçuların bir ayda 10-12 matça çıxmaq ehtimalı var. Bu da zədələnmə riskini artırır. Ona görə də rotasiyalar edəcəyik, lakin komandanın bel sütunu sayılan futbolçular dörd oyunda da meydanda olacaqlar.
– Nəriman Axundzadənin dəvət olunmaması və U-21-ə göndərilməsi nə ilə bağlıdır?
– Bütün futbolçular nəzarətimizdədir. Nərimanın Türkiyəyə gedişinə sevinmişdik, çünki Amerikada az şans alırdı. “Ərzurumspor”da ilk oyunlara çıxsa da, sonradan yenidən ehtiyata çəkildi. Bizdə xarici çempionatlara yanaşma başqadır, gərək yerli futbolçudan iki baş üstün olasan ki, oynayasan. Nərimanla danışırıq, məşqlərdə maksimumunu ortaya qoyur. Lakin son vaxtlar klubunda oyun praktikasından əziyyət çəkdiyi üçün qərara gəldik ki, U-21 millimizdə çıxış etməsi onun formasını bərpa etməsi və özünə gəlməsi üçün daha məqsədəuyğundur.
– Qapıçı seçimi ilə bağlı suallar var. Şahruddin Məhəmmədəliyev sağlam olsa da, cəlb olunmayıb. Səlahət Ağayevin də dəvət almaması kənar məsələlərlə bağlıdır?
– Hazırda Emil Balayev “Neftçi”də, Aydın Bayramov “Zirə”də əsas heyət qapıçılarıdır. Rəvan Mirzəmmədov isə “Sabah”da çox yaxşı təəssürat bağışlayan perspektivli gəncimizdir. Yenə sözümün üstündə dururam. Şahruddin bizim üçün çox önəmli və ən yaxşı qapıçıdır. Lakin onu zədəli olduğu vaxt milli mühitində tutmaq və qazanmaq istəyirdik, necə ki Mahiri qazandıq. Təəssüf ki, Şahruddin çempionatda şans qazanmır və o da gələcək karyerası haqqında düşünməlidir. Səlahətə gəldikdə, o, çox peşəkar insandır. İllər sonra onu milliyə məhz biz qaytarmışdıq. Lakin razılaşaq ki, gənclərə də yol açmaq lazımdır. Rəvan, Edqar Adilxanov, Oruc Məmmədov kimi gənclərin millinin havasını udması vacibdir. Məsələn, Rüfət Abbasov da İslandiya ilə matçdan sonra böyük təcrübə qazandı və bu gün millinin əsas heyət oyunçusuna çevrilib.
– Polşada Mahir Emreli ilə görüşünüz bəzi mənfi reaksiyalara səbəb oldu. Bu sizi təəccübləndirdi?
– Bizdə nə etsən, reaksiya verilir. Məşqçi 2 yerdə işləyəndə deyirlər “milliyə vaxt ayırmır”, bir yerdə işləyib xaricdəki futbolçuları izləyəndə deyirlər “gəzməyə gedir”. Biz Avropa görməmiş insan deyilik. Məqsədimiz xarici klublarda futbolçularımıza olan münasibəti dəyişməkdir. Polşada klub rəhbərliyi ilə görüşdük, Mahirin 6 qol, 2 məhsuldar ötürməsini təqdir etdilər, gələcək planlarını bölüşdülər və bizdən digər azərbaycanlı oyunçular haqqında məlumat istədilər. Eyni şeyi “Bursaspor”da Toral Bayramov üçün də etdik. Bu, bizim işimizdir.
– Toral Bayramovun “Bursaspor”dakı durumu və son oyunda 37-ci dəqiqədə əvəzlənməsi psixologiyasına necə təsir edib?
– Toral Türkiyəni seçdi və orada təzyiqin, medianın təsirinin böyük olduğunu bilirik. Son matçda 37-ci dəqiqədə əvəzlənməsini iki dəfə izləmişəm, heç bir səhvi yox idi və niyə çıxarıldığını anlamadım. Yəqin ki, yerli oyunçulara daha çox üstünlük verirlər. Toral milliyə çox həvəsli gəlib, bizim üçün dəyərli futbolçudur və inanıram ki, adaptasiya dövrünü keçib orada əsas heyətdə mövqeyini möhkəmləndirəcək.
– Litva millisinin baş məşqçisi Edqaras Yankauskas bildirib ki, Azərbaycanda prioritet klub futboludur və milliyə təzyiq yoxdur. Bu fikirlə razısınız?
– Fikrini oxumuşam. Bizdəki təzyiqin yarısı Litvada dərk olunmur. Çempionatımızın keyfiyyəti var, klublarımız hər il Çempionlar Liqasında və avrokuboklarda oynayır, böyük komandalar Bakıya gəlir. Litva klubları bu nəticələri göstərə bilmir. Bizim liqanın təşkilati tərəfdən, stadionlar, işıqlandırma, azarkeş sayı baxımından axsamaları ola bilər, lakin futbol keyfiyyəti baxımından rəqiblərdən geri qalmırıq.
