Polşalı qapıçı Mateuş Koxalski “Qarabağ”dan ayrılaraq “Vyeçista Krakov” komandasına keçidini dəyərləndirib.
Prosport.Az xəbər verir ki, 26 yaşlı qapıçı bu barədə “Meczyki”nin proqramında danışıb.
Koxalski təxminən 2 həftə əvvəl Ağdam təmsilçisini tərk edərək Polşaya qayıdıb. O, yeni komandası ilə indiyədək 2 oyunda meydana çıxıb və 4 qol buraxıb.
Polşa millisinin baş məşqçisi Yan Urban Koxalskini qarşıdakı oyunlar üçün heyətə dəvət edib. Milli komandanın düşərgəsinə qoşulduqdan sonra qapıçı “Vyeçista”dakı ilkin təəssüratlarını bölüşüb:
“İlkin təəssüratlar müsbətdir. “Vyeçista” güclü komandadır. Amma əvvəlki mövsüm “Vidzev”də olduğu kimi, burada da hər şeyin düzgün işləməsi üçün vaxt lazımdır. Hər şey müsbət istiqamətdədir və görünür, ciddi problem olmayacaq”.
Koxalski Avropaya qayıtmağın onun üçün vacib olduğunu da bildirib: “Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq Azərbaycan Avropa kuboklarında oynayır, amma mənim üçün bir qədər uzaqdır. Burada, Avropada karyera qurmağa və onu mümkün qədər yaxşı etməyə çalışmaq istəyirəm. Hər kəsin arzusu belədir. Düşünürəm ki, hamı TOP-5 liqalarda oynamaq arzusundadır”.
