Azərbaycanlı məşqçi Elvin Həsənov Türkiyənin II Liqasında işləməyə yaxındır.
Prosport.Az-ın xəbərinə görə, A lisenziyalı 41 yaşlı məşqçi bununla bağlı hazırda İstanbuldadır.
O, yaxın günlərdə yeni iş yerinin bilinəcəyini bildirib. Bundan başqa, E.Həsənov Türkiyəyə azərbaycanlı istedadlı futbolçuları gətirməyə çalışacağını qeyd edib:
"Mən burada tək baş məşqçi işləmək niyyətində deyiləm. Uzun illər "Qarabağ" və "Sabah" akademiyalarında, eləcə də Azərbaycan II Liqasında yerli futbolçularla çalışmışam. Azərbaycanlı futbolçuların perspektivinə bələdəm. Kimin hansı klubda oynaya biləcəyini, harada xeyir verəcəyini əzbər bilirəm. Bu səbəbdən də yaxın dostlarla birgə futbol menecer agentliyində də fəaliyyət göstərəcəyəm. Talantlı azərbaycanlı futbolçuların qardaş ölkə futboluna düşməsi üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Elvin Həsənov böyük futbolda "Quba" və "Şəki" komandalarının baş məşqçisi olub.
