Azərbaycan Premyer Liqasının VI turunda səfərdə “Kəpəz”lə 1:1 hesablı heç-heçəyə razılaşan “Sumqayıt”ın baş məşqçisi Felipe Kandidu matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk növbədə matç haqqında təəssüratlarını bölüşüb.
– Burada möhtəşəm stadion və çox yaxşı atmosfer var. Lakin kənardan kimsə davamlı olaraq hakimin fitinə bənzər fit səsləndirirdi. Hücumlarımızın kəskin fazasında futbolçularım oyunu dayandırmaq məcburiyyətində qalırdılar. Əgər liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik. Əlbəttə, matç 10 dəqiqə öncə bitib və bir az emosionalam, lakin tribunadakı bu cür hallara nəzarət olunmalıdır.
– Komandanın ümumi çıxışından razı qaldınız?
– Heyətimiz inkişaf edir. Bu cür gərgin atmosferdə oynamaq asan deyil. Rəqibin sürətli futbolçuları var, lakin müdafiədə yaxşı dayandıq. İlk yarıda sakitliyimizi qoruyub boşluqlar tapdıq və hesabı açdıq. İkinci hissədə də topa daha çox nəzarət etdik. 2:0 hesablı üstünlük təmin etmək üçün çoxlu imkanlarımız olsa da, bunlardan istifadə edə bilmədik. “Kəpəz”in də qol şansları oldu, buna görə 1:1 hesablı heç-heçəni qəbul etmək olar, amma ümumilikdə qələbə qazanmağa layiq idik.
– “Kəpəz”in ləğv edilən ilk qol epizodu və hakimlik haqqında nə düşünürsünüz?
– 15 il öncə Portuqaliyada məşqçilik karyerama başlayandan bəri hakimlər və onların qərarları haqqında danışmamışam. Analizi sizin öhdənizə buraxıram. Mən daha çox hesabı 2:0 etmək üçün əlimizə düşən imkanları boşa verməyimizə məyus oluram.
– Yeni transfer Marko Yohanson ilk matçına çıxdı. Qapıçı seçiminizi necə dəyərləndirirsiniz?
– Marko yalnız iki gündür bizlə məşq edirdi. Çətin qərar idi, çünki Xəyal Fərzullayev də bundan əvvəlki oyunlarda pis çıxış etmirdi. Heyətdəki hər bir qapıçıya güvənirəm, amma bu görüşdə Markoya şans verdim.
– Azərbaycanda futbolun inkişafı üçün tam olaraq nələrin dəyişməsini nəzərdə tuturdunuz?
– Sırf oyundakı həmin fit epizodunu nəzərdə tuturdum. Paltardəyişmə otağına daxil olanda bütün futbolçularım bundan şikayətlənirdi. Mən bura yeni gəlmişəm və oyundankənar qərarlar mənim işim deyil. Vəzifəm komandamı daha yaxşı məşq etdirmək və azarkeşlərə yaxşı futbol nümayiş etdirməkdir.
