Azərbaycan Premyer Liqasının VI turunda evdə “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gələn “Şamaxı”nın baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşüb.
– Əvvəla, xalqımızı 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirəm. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Oyuna gəlincə, çətin keçəcəyini, rəqibin daha çox hücum edəcəyini bilirdik. Ötən 6 tur ərzində bəlkə də ən həyəcanlı matçlarımdan biri idi. Real epizodları dəyərləndirə bilmədikdə avtomatik gərginlik artır və bu məni məyus edir. Lakin irəliyə baxıb həm müdafiədə, həm də hücumda daha səlis oynamağa çalışacağıq. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm.
– Bu mövsüm “Şamaxı”nın lehinə ilk dəfə penalti təyin olundu. Cari mövsümdə hakim qərarlarını necə qiymətləndirirsiniz?
– İnanın ki, həmin mövzuda ümumiyyətlə düşünmürəm, sadəcə siz xatırlatdınız. Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam. Bəzən emosional davrana bilərik, amma şükürlər olsun ki, komanda sırf futbol oynamağa köklənib. Təkcə arxada oturub əks-hücum gözləmirik, vaxtında pressinq etməyə, epizodlar yaradıb dominant oyun nümayiş etdirməyə çalışırıq.
– İki penaltini də dəqiq yerinə yetirən Apolinario və qələbədə böyük pay sahibi olan Rikardo Fernandesin çıxışını necə dəyərləndirirsiniz?
– Ehtiyat skamyada oturan futbolçunun da qələbədə payı az olmadı. Hətta bəzən onların dəstəyi meydandakılardan da çox olur. Çünki məşqçinin də, futbolçunun da bu ruh yüksəkliyinə ehtiyacı var. Məncə, çox mehriban bir kollektivimiz var və əsas üstünlüyümüz də məhz ailə ola bilməyimizdədir.
