Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
Prosport.Az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib.
"İmişli" Yevlax şəhər stadionunda "Neftçi"ni qəbul edib. Bu görüşdə qonaqlar çətin qələbə qazanıblar – 3:2.
Matçda hesabı 12-ci dəqiqədə “ağ-qaralar”ın yarımmüdafiəçisi Freddi Varqas açıb. 28-ci dəqiqədə Breno Almeyda 2-ci topu bölgə təmsilçisinin qapısından keçirib. Bundan cəmi 1 dəqiqə sonra nominal meydan sahibləri hesab arasındakı fərqi azaldıblar. Bəxtiyar Həsənalızadə fərqlənib. İlk hissəyə əlavə olunmuş 7-ci dəqiqədə “İmişli”nin kapitanı Azər Salahlı penaltini dəqiq yerinə yetirməklə tarazlığı bərpa edib. İlk hissə bu hesabla başa çatıb. 2-ci hissədə daha bir qol vuran “Neftçi” yekun hesabı müəyyənləşdirib. Qələbə qolunu akrobatik zərbə ilə Qustavo Klisman vurub.
Bu nəticədən sonra Bakı klubu 12 xalla turnir cədvəlinə başçılıq edir. 4 xala malik bölgə təmsilçisi isə 8-ci sırada yer alıb.
Qeyd edək ki, V tura sentyabrın 14-də yekun vurulacaq.
