“Qarabağ”ın sabiq qapıçısı Luka Quqeşaşvili Türkiyənin “Göztəpə” klubunda əsas komandadan kənarlaşdırılıb.
Prosport.Az xəbər verir ki, buna səbəb gürcüstanlı qapıçının “Qaziantep”lə oyundan sonra sosial şəbəkə hesabında etdiyi paylaşım olub.
Superliqanın IV turunda “Göztəpə” doğma meydanda “Qaziantep”ə 2:4 hesabı ilə məğlub olub. Komandanın yeni transferi olan Quqeşaşvili ilk hissədə 4 qol buraxdıqdan sonra fasilədə əvəzlənib.
27 yaşlı qolkiper matçdan sonra “Instagram” hesabında paylaşım edərək “Göztəpə” azarkeşlərinin bir qisminə sərt reaksiya verib.
Qeyd edək ki, Luka Quqeşaşvili “Göztəpə”yə PAOK-dan icarə əsasında keçib. 27 yaşlı qolkiper komandanın heyətində 4 matçda 11 qol buraxıb.
O, 2022 – 2024-cü illərdə “Qarabağ”ın formasını geyinib.
