Azərbaycan Premyer Liqasının IV turunda “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qələbəni şərh edib.
– Futbolçularımı təbrik edirəm, gərgin matç keçdi və sonda 3 xal bizim oldu. Qarşımızda yaxşı müdafiə olunan və təhlükəli əks-hücumlara çıxan kollektiv var idi. Azarkeşlər üçün maraqlı, bolqollu oyun alındı. Rəqibə və Cavid Hüseynovun komandasına qarşıdakı matçlarda uğurlar arzulayıram.
– 2 qol buraxmaq müəyyən narazılığa əsas verir. Bu, taktiki səhvlərin, yoxsa diqqətsizliyin nəticəsidir?
– Hər iki qolu standart vəziyyətdən buraxdıq, bir az diqqətsizlik oldu. Bəzi epizodlarda bu, məsuliyyətsizlikdən qaynaqlana bilər, amma rəqib də həmin qollara layiq idi. Ümumən matçın gedişində rəqibə çox qol imkanı verməmişdik. Sadəcə, onlar standart vəziyyətlərdən yaxşı yararlandılar. Qarşıdakı günlərdə həmin çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.
– Koxalskinin klubdan getməsi ilə bağlı danışıqlar gedir. Keçid rəsmiləşibmi?
– Düzünü desəm, rəsmi gedişindən hələ mənim xəbərim yoxdur. Ümumi müzakirələr aparılırdı, müqaviləsində hər transfer pəncərəsində bizi belə vəziyyətlərlə üz-üzə qoyan bir bənd var. Bazar günüdür və bütün diqqətimizi oyuna yönəltmişdik deyə, ətraflı məlumatım yoxdur.
