Azərbaycan Premyer Liqasının IV turunda keçirilən “Sabah” – “Zirə” (5:0) matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə ağır məğlubiyyəti şərh edib.
– Oyuna fəal başladıq. Topa nəzarət etməyə çalışırdıq və bu, pis də alınmırdı, lakin rəqib ilk hücumunda fərqləndi. Bir neçə dəqiqə keçdikdən sonra isə kobud səhvə yol verdik. Penaltidən sonra hesabı 2:0 etdilər. Belə halda oynamaq çətin oldu, amma futbolçular özlərində güc tapıb mübarizəni davam etdirdilər. Hesabın 5:0 olmasına baxmayaraq, oyunçuların göstərdiyi oyundan narazı deyiləm. Topa nəzarət bəzən onlarda, bəzən isə bizdə idi. Demək olar ki, bərabər səviyyədə mübarizə gedirdi. Qol epizodları yaratmaqda da eyni səviyyədə idik. Onlar 5-6 şansdan istifadə etdilər, bizim də 4-5 yaxşı epizodumuz oldu. Bu gün iki komanda arasında yeganə fərq bitiricilik idi. Müdafiədə buraxılan kobud səhvlər və son zərbələrdəki dəqiqsizlik nəticəyə təsir etdi. “Sabah”a qarşı daha hücuma meylli, açıq futbol oynamağa çalışdıq və oyun planında hər şey pis deyildi. “Sabah”ı layiqli qələbə münasibətilə təbrik edirəm. Onlara 5 gündən sonra səfərdə "Mançester Yunayted”lə keçirəcəkləri matçda da uğurlar arzulayıram.
– İlk 3 turdakı ardıcıl qələbələrdən sonra lider olmaq futbolçularda arxayınılıq yarada bilərdi?
– Xeyr, bunu heç hiss etmədim. İndi soyunub-geyinmə otağında da futbolçulara bildirdim ki, oyundan, davranışınızdan və mübarizənizdən narazı qalmadım. Yeganə problem 2-ci və 3-cü qollarda buraxdığımız sadə səhvlər və dəyərləndirilməyən epizodlar idi. “Sabah”ın gücü hamıya bəllidir, amma buna baxmayaraq oyunçular meydanda özlərini yaxşı göstərdilər. Hesab 5:0 olsa belə, bu matçdan pozitiv enerji ilə ayrılıram. Lazımi nəticəni çıxarıb, səhvlər üzərində işləyərək daha güclü qayıdacağıq.
