Azərbaycan Premyer Liqasının IV turunda keçirilən “Kəpəz” – “Şamaxı” (1:4) matçından sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə qələbəni şərh edib.
– Çətin oyun olacağını əvvəlcədən bilirdik. “Kəpəz” azarkeşləri önündə oynamaq həqiqətən çətindir. Möhtəşəm stadion və azarkeşləri var. Ən böyük təşəkkürlər cənab prezidentə düşür. Bu arenanın tikintisi və tribunaların coşqusu hər şeyi ilə mükəmməldir. “Turan Tovuz”la qarşılaşmada yaxşı oyun sərgiləyən rəqibimizi detallı şəkildə təhlil etmişdik. Şükürlər olsun ki, qələbə qazandıq. “Kəpəz”ə isə gələcək oyunlarında uğurlar arzulayıram.
– Yeni stadionda rəqib baş məşqçi kimi qələbə qazanmaq necə bir hissdir?
– Hələ bu barədə dərindən düşünə bilməmişəm, çünki qələbənin sevincini yaşayırıq, həm də komandamızın mövsümdəki ilk qələbəsidir.
– Rəqibi mükəmməl analiz etmişdiniz, yoxsa futbolçularda xüsusi motivasiya var idi?
– Mənə elə gəlir ki, analizdən çox, futbolçulardakı yüksək motivasiya rol oynadı.
– “Şamaxı”nın bu mövsüm üçün əsas hədəfi nədir?
– Komandanı demək olar ki, yenidən formalaşdırmışıq. Əsas məqsədimiz yerli gənclərə şans verməkdir. Məsələn, bu gün meydana çıxan Hacıəli Şirəliyev Premyer Liqada ilk addımını atdı. Həm çempionatda mövqeyimizi möhkəmləndirib iddialı yerlər uğrunda mübarizə aparmaq, həm də Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik.
– “Kəpəz”in zəif oyunu sizə şans yaratdı, yoxsa “Şamaxı”nın mübarizə əzmi qələbəni gətirdi?
– Futbol elə bir oyundur ki, bu gün alınır, sabah yox. Rəqib də meydanda yaxşı mübarizə apardı. Sadəcə, bu gün qismətimizdə qələbə var idi, qolları vaxtında vura bildik.
– Məcburi əvəzetmədən sonra meydana daxil olan Uğur Cahangirovun qol vurması planlarınıza necə təsir etdi?
– Həqiqətən də hər işdə bir xeyir var. Buna əvvəlcədən hazır idik, hətta oyunun əvvəlində Filipe Markesin narahatlığı səbəbindən belə bir dəyişikliyin olacağını ehtimal etmişdik və 2-ci planımız hazır idi.
