Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qarabağ” (0:1) matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qələbəni şərh etdi:
– Futbolçuları təbrik edirəm, çox vacib 3 xal qazandıq. Azlıqda qalsaq da, meydanda yaxşı nizam-intizam sərgilədik. “Sumqayıt”ın baş məşqçisinə isə uğurlar arzulayıram. Onlar bu gün yaxşı oyun nümayiş etdirdilər və gələcəkdə daha maraqlı komanda olacaqlar. Soyuqda və istidə hər zaman bizimlə olan, sona qədər komandaya inanan azarkeşlərimizə xüsusi təşəkkür edirəm.
Qurban Qurbanov ardınca jurnalistlərin suallarını cavablandırdı:
– Ardıcıl 2-ci oyundur ki, “Qarabağ”ın futbolçusu qırmızı vərəqə alır. Bunun arxasında hər hansı psixoloji gərginlik dayanır?
– Bu, xoşagələn hal deyil, çünki komandamız hər zaman nizam-intizamı ilə seçilib. “Tvente” ilə matçda qırmızı vərəqənin haqlı olduğunu düşünmürəm, lakin bu gün verilən qərar düzgün idi. Matçın fasiləsində Kadiyə öz iradlarımı bildirdim. İstər-istəməz ağır avrokubok matçından çıxmışdıq və psixoloji gərginlik var idi. Hər oyunda qırmızı vərəqə almaq nəticə üçün böyük riskdir. Şükürlər olsun ki, bu dəfə qələbə qazandıq, amma bu haldan hamımız nəticə çıxarmalıyıq.
– Zəngin təcrübənizə əsasən, yenilənən “Qarabağ” tam olaraq nə vaxt formalaşacaq?
– Bir qədər vaxt lazımdır. Peşəkar oyunçular olsa da, hər birinin sistemə uyğunlaşması üçün müəyyən müddət tələb olunur. Bəzi mövqelərdə 4–5 oyunçumuz var və hansı futbolçunun əsas heyətdə daha faydalı olacağını müəyyənləşdirməliyik. Proses oyundan-oyuna yaxşılaşacaq.
– “2 addım irəli getmək üçün 1 addım geri atmaq lazımdır” fikrini hazırkı “Qarabağ”a şamil etmək olar?
– Ümumi götürəndə faydası var və olacaq, lakin bizim mentalitetimizdə istəyərək geri addım atmaq yoxdur. Bəzən yorğunluq, zədələr və rəqib bizi buna məcbur edir. Digər tərəfdən, istənilən komandanın müəyyən fasilələrlə yenilənməyə ehtiyacı olur. Ser Aleks Ferquson da qeyd edirdi ki, bir kollektivin yenilənmə müddəti maksimum 3–4 ildir. Bizimlə matçlara rəqiblər artıq həddindən artıq ciddi köklənirlər. Bəzi oyunçularla yollarımızı ayırmalı və yeniliyə əl atmalıyıq.
– “Tvente” ilə matçdan sonra cəmiyyət və mətbuat iki yerə bölünmüşdü. Tənqidlərə münasibətiniz necədir?
– Mənim sevdiyim, güvəndiyim bütöv bir Azərbaycan var, cəmiyyətin 2 yerə bölünməsi fikrini qəbul etmirəm. Öz millətimi, Azərbaycanı çox sevirəm. İnsanlar nə yazır, yazsın, hamısını normal qarşılayıram. Sosial şəbəkələrə daha çox əyləncə kimi baxıram, heç yerdə yoxam. Qarabağ bölgəsindən olan insanların, şəhid ailələrinin bizə göstərdiyi dəstəyi gördükcə daha da motivasiyalı oluram. Vətən müharibəsindən sonra məğlubiyyətdən qorxmağı çoxdan tərgitmişəm. Futboldur, uduzmaq da var, qazanmaq da. Əsas odur ki, meydanda savaşırıq və Azərbaycan üçün əlimizdən gələni edirik.
