Azərbaycan Premyer Liqasının III turunda "Zirə" evdə "Neftçi"ni məğlub edib.
Prosport.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş Rəşad Sadıqovun baş məşqçi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 45+3-cü dəqiqədə komandanın kapitanı və cinah müdafiəçisi Qismət Alıyev "Neftçi"nin qapısından keçirib. Qarşı tərəfdən mərkəz müdafiəçisi Elvin Bədəlov isə 70-ci dəqiqədə 2-ci sarı vərəqə ilə "Neftçi"ni azlıqda qoyub. Bu qələbədən sonra xallarının sayını 9-a çatdıran "Zirə" turnir cədvəlinin vahid liderinə çevrilib. 6 xala malik "Neftçi" isə 2-ci sıraya düşüb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0) məğlub edib. "Qəbələ" – "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb. Tura sabah "Araz-Naxçıvan" – "Sabah" və "Sumqayıt" – "Qarabağ" oyunları ilə yekun vurulacaq.
