Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirilən “Şəfa” – “İmişli” (0:1) oyunundan sonra nominal meydan sahibi komandanın baş məşqçisi Zaur Həşimov mətbuat konfransında iştirak edib.
Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə məğlubiyyəti şərh edib.
– Düşünürəm ki, maraqlı və yaxşı oyun alındı. Hər iki tərəfin düşündüyü hücum planları var idi. Meydanda temp, dinamika və əsl mübarizə izlədik. Təəssüf ki, 2-ci hissəyə yaxşı başlamadıq. İlk turda olduğu kimi, bu matçda da 2-ci hissənin əvvəlində qol buraxdıq. Rəqibin 2-ci taymın ilk 10 dəqiqəsini bizdən üstün keçirməsi və yarandığı imkandan istifadə etməsi oyunun taleyini həll etdi. Buna baxmayaraq, komandamın performansından narazı qalmadım. 3-cü matçımız üçün kifayət qədər yaxşı çıxış etdik. Sürətli hücumlarımız və real qol epizodlarımız oldu. Çempionat uzun marafondur. Əminəm ki, bu yolda məqsədimizə çatmaq üçün var gücümüzlə çalışmağa davam edəcəyik.
– 2-ci hissədə qol imkanlarınız olsa da, hücumun yekunlaşdırılmasında bitiricilik çatmadı. Səbəb nə idi?
– Əsas səbəblərdən biri Felipenin tam hazır olmamasıdır. Bununla yanaşı, elə detallar var ki, orada futbolçuların ustalıq səviyyəsi ön plana çıxmalıdır. Düşünürəm ki, məhz bu xırdalıqlar matçın nəticəsinə birbaşa təsir etdi.
– Geridə qalan turlarda fərqli nəticələr qeydə alınıb. Komandada hələ sabitliyin yaranmadığını demək olarmı?
– İlk tur çempionatla və yeni futbolçuların bir-biri ilə tanışlıq mərhələsi idi. II turda həm oyun baxımından pis təsir bağışlamadıq, həm də vacib 3 xal qazandıq. Bu qarşılaşmada da komandam yaxşı mübarizə apardı, sadəcə vurulan bir qol taleyi həll etdi. Sabitliyi qorumaq üçün futbolçuların birgə oynamaq təcrübəsi artmalıdır, bir-birlərini meydanda daha yaxşı anlamalıdırlar.
– Ötən tur Qəbələdəki hava şəraitindən və küləkdən şikayət etmişdiniz. Bu gün Sumqayıtdakı hava şəraiti komandaya necə təsir etdi?
– Külək var idi, lakin oyuna mane olacaq dərəcədə deyildi. Sumqayıtda hava şəraiti futbol oynamaq üçün tam əlverişli idi.
