Futbolun İnkişaf Fondunun icraçı direktoru və “Səbail” futbol klubunun İdarə Heyətinin üzvləri Quba rayonuna səfər edib, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ilə görüşüblər.
Prosport.Az xəbər verir ki, görüşdə Fondun icraçı direktoru Tural Piriyev “Səbail” İdarə Heyətinin üzvləri Amin Məmmədov, Mirzə Bayrampur və Ağa Orucovu təqdim edib.
Daha sonra o, klub haqqında ümumi məlumat verərək, komandanın Quba rayonunu təmsil etmək planlarından danışıb.
İdarə Heyətinin üzvləri klubun gələcək planları barədə başçıya məlumat verib, göstərilə biləcək mümkün dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İcra başçısı edilən təklifləri müsbət qarşılayıb və öz tərəflərindən lazımi dəstəyin göstəriləcəyini bildirib.
