"Klubla görüşdüyüm üçün çox şadam və inanıram ki, bu görüşümüz yeni tarix olacaq".
Prosport.Az xəbər verir ki, bu barədə Azərbaycanın U-20 millisinin baş məşqçisi Vaqif Cavadov "Tvente" klubunun rəsmi televiziyasına açıqlamasında deyib.
Keçmiş yarımmüdafiəçi Niderland təmsilçisinin "Qarabağ"a qarşı 2009-cu ildə keçirdiyi matçı xatırlayıb: "Bu, bizim üçün bir ilk idi. Avrokuboklarda yeni addımlar atırdıq, tanınmağa başlayırdıq. Həmin oyunda Azərbaycanda yaxşı ab-hava var idi. Rəqibin heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular var idi. Mənim üçün xüsusi qarşılaşma idi. "Tvente"nin həmin dönəmdəki baş məşqçisi Stiv Maklaren məni Niderlanddakı matçda görmüşdü. Komandaya qoşulmağıma işarə verdi. Mən də müsbət cavab verdim".
Cavadovun sözlərinə görə, 10 il əvvəlki "Tvente" ilə indiki arasında fərq var: "Digər tərəfdən, Stiv Maklaren kimi məşqçinin rəhbərliyi altında yer almaq qürurverici idi. Bu müddət ərzində "Tvente" də böyüyüb. Azərbaycanda da futbol inkişaf edib. "Qarabağ"ın nəticələri möhtəşəm idi. "Sabah"ın UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanması da ölkə futbolunun inkişafı deməkdir".
O, "Qarabağ" - "Tvente" oyununa stadiondan baxacağını söyləyib: "Hər kəsə uğurlar arzulayıram. İnanıram ki, güclü olan qələbə qazanacaq".
Qeyd edək ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Ağdam təmsilçisi Niderlandda keçirilən ilk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edib.
