Niderlandın “Tvente” klubu “Qarabağ”la UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün daha bir futbolçusunu Bakıya gətirməyib.
Prosport.Az xəbər verir ki, Sam Lammers Azərbaycan paytaxtına üz tutan heyətdə yer almayıb.
Klubun baş məşqçisi Con van den Brom 29 yaşlı hücumçunun səfərdə iştirak etməməsinin səbəbini zədə ilə izah edib. Onun sözlərinə görə, Lammers bazar ertəsi məşq zamanı budun arxa əzələsində problem yaşayıb və hazırlıq prosesini erkən dayandırıb: “Biz bazar ertəsi məşq etdik və o, narahatlıq səbəbindən kifayət qədər tez məşqi dayandırdı. Çalışdı, amma alınmadı. Xoşbəxtlikdən, məşq zamanı onu əvəzləmək üçün kifayət qədər futbolçumuz var idi”.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tvente” qarşılaşması saat 20:00-da başlanacaq. İlk oyunda Ağdam təmsilçisi Niderlandda 1:0 hesablı qələbə qazanıb.
