"Yaşadığım hissləri sözlərlə ifadə etmək çətindir. Bu, həyata keçən saf arzudur".
Prosport.Az xəbər verir ki, bu sözləri "Sabah"ın polşalı futbolçusu Timoteuş Puxaç UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubuna 5:2 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra ölkəsinin mətbuatına açıqlamasında deyib.
Sol cinah müdafiəçisinin sözlərinə görə, hesab 4:2 olduqdan sonra göz yaşlarını saxlaya bilməyib: "Coy-Lens Mikels 5-ci qolu vurduqdan sonra isə dəli kimi ağlamağa başladım".
Əlavə vaxtın ilk dəqiqəsində əvəzlənən Puxaç bunun səbəbini də açıqlayıb: "75-ci dəqiqədən sonra artıq yorulduğumu hiss etdim. Özümə söz verdim ki, oyun əlavə vaxta getsə, baş məşqçidən mütləq əvəzetmə istəyəcəyəm".
Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq polşalı futbolçu üçün xüsusi əhəmiyyət kəsb edir. Uşaqlıqdan Lionel Messi və Kriştianu Ronaldu da daxil olmaqla, öz dövrünün ən böyük ulduzlarını izlədiyini deyən Puxaç hər zaman bu turnirdə oynamağı arzuladığını vurğulayıb. İndi isə o, Çempionlar Liqasının himnini meydanda eşidəcək: "Orada oynayacağıma həqiqətən inanırdım. Bu, çox möhtəşəm səslənir".
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Sheva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb.
