İsrailin “Hapoel" (Beer-Şeva) komandasının “Sabah”la keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl Bakıdakı hoteldə yerinə yetirdiyi dini ayinlə bağlı təfərrüatlar üzə çıxıb.
Prosport.Az xəbər verir ki, Beer-Şeva təmsilçisi günə səhər duası ilə başlayıb.
Duaya komandanın baş məşqçisi Ran Kozux özü rəhbərlik edib.
Komandanı müşayiət edən təhlükəsizlik əməkdaşlarından biri İsraildən Tövrat kitabı gətirib. Həmin Tövrat kitabı “Hapoel"in Avropadakı əvvəlki 4 oyununda da komandanı müşayiət edib. İsrail təmsilçisi həmin görüşlərin hamısında qələbə qazanıb. Yeganə istisna II təsnifat mərhələsində İslandiyanın “Vikinqur” klubuna qarşı səfər oyunu olub. Raundun ilk qarşılaşmasında kitab komanda ilə birlikdə olmayıb və “Hapoel" Çempionlar Liqasının təsnifat mərhələlərində yeganə məğlubiyyətini alıb.
Bu səbəbdən, komanda üçün uğur gətirdiyinə inanılan Tövrat kitabının Bakıya da gətirilməsi qərara alınıb.
Kozux özü də dindar insan kimi təqdim olunur. Onun üçün “Sabah”la qarşılaşma qısa məşqçilik karyerasının ən yüksək nöqtəsi hesab olunur.
Mütəxəssis oyun öncəsi də Allaha xitab etməyi vacib sayıb: “Komandamız əvvəllər 2 dəfə şansını qaçırıb. Bu dəfə tarix yazmaq üçün imkanımız var. İnanıram ki, Tanrının köməyi ilə bunu bacaracağıq”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Hapoel Beer Şeva” oyunu saat 20:45-də başlanacaq. İlk görüşdə İsrail klubu 2:1 hesabı ilə qalib gəlib. Cütün qalibi tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək.
