İsrailin “Hapoel" (Beer-Şeva) klubunun sabiq futbolçusu Roy Kehat UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”la qarşılaşma öncəsi fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, hazırda “Sumqayıt”da çıxış edən israilli yarımmüdafiəçi ölkəsinin "Walla Sport" nəşrinə açıqlamasında deyib ki, “Hapoel"in şansı bir qədər çoxdur:
“Düşünürəm ki, “Hapoel"in “Sabah”ı keçmək şansı 60 faizdir. Komanda Azərbaycandakı rəqibindən daha təcrübəlidir və bu, vacib amildir”.
32 yaşlı futbolçu Azərbaycan futbolunun son illərdə sürətlə inkişaf etdiyini də vurğulayıb. Onun sözlərinə görə, ölkədə legioner limitinin ləğvi klubların daha keyfiyyətli futbolçular transfer etməsinə şərait yaradıb.
Kehat 2 ildir Azərbaycanda çıxış etdiyini və burada yaşamaqdan məmnun olduğunu bildirib: “İsrailli futbolçulara Azərbaycanda oynamağı tövsiyə edirəm. Burada futbol sürətlə inkişaf edir. Liqaya əvvəllər gəlməyən səviyyəli əcnəbi futbolçular indi Azərbaycana üstünlük verirlər. Bu da komandaların səviyyəsini artırır. Mən bura gələndə Azərbaycanda yeddi israilli futbolçu oynayırdı. Bu gün isə məndən başqa yalnız Devid Daqo var. Onunla bir dəfə görüşmüşəm".
Qeyd edək ki, "Sabah" - "Hapoel" (Beer-Şeva) matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq. İlk oyunda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
