“Sabah”ın vingeri Velko Simiç UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel”lə (Beer-Şeva) keçiriləcək cavab qarşılaşmasında uğurlu nəticə qazanacaqlarına inandığını bildirib.
Prosport.Az xəbər verir ki, serbiyalı futbolçu Bakıda təşkil olunacaq görüş öncəsi jurnalistlərin suallarını cavablandırarkən bu fikirləri səsləndirib:
“Sabahkı oyunu səbirsizliklə gözləyirik. Biz böyük komandayıq və qalib gəlməyə çalışacağıq. Oyuna görə çox həvəsliyəm. Vurduğum qollar mənə əlavə motivasiya verir, amma vəzifəm daha çox qol vurmaq yox, komandaya maksimum fayda vermək, yaxşı oynamağımıza və qələbə qazanmağımıza kömək etməkdir”.
Təcrübəli futbolçu tribunaların dəstəyinin cavab duellərində həlledici rola malik olduğunu da sözlərinə əlavə edib: “Bu stadionda oynamağı sevirik. Sabah burada möhtəşəm atmosfer olacaq. Azarkeşlərimizi çoxlu qollarla sevindirəcəyik”.
“Sabah” — “Hapoel” cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:45-də start götürəcək. 2 komanda arasında Buxarestdə oynanılan ilk qarşılaşma İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
