Azərbaycan Premyer Liqasının II turunda səfərdə “Turan Tovuz”la heç-heçə edən (0:0) “Şamaxı”nın baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə qarşılaşma barədə fikirlərini bölüşüb.:
– Tovuzda azarkeşlərin önündə çıxış etmək çox çətindir, çünki bu şəhər futbolla yaşayır. Görüşdən öncə oyunçularıma da bildirmişdim ki, bizi ağır gərginlik gözləyir. Hətta qeyd etmişdim ki, yaxşı oyun nümayiş etdirsək, yerli azarkeşlər də bizi alqışlayacaqlar. Mübariz rəqiblə qarşılaşsaq da, futbolçular sona qədər oyundan qopmadılar. İlk hissədə 1-2 xətamız oldu, lakin ümumilikdə yaxşı təsir bağışladıq. Komandamızı və azarkeşlərimizi mövsümün ilk xalı münasibətilə təbrik edirəm.
– 2-ci hissədə topa daha çox nəzarət edəcəyinizi gözləyirdiniz?
– Rəqibi yaxşı analiz etmişdik. “Turan Tovuz” daha çox uzun ötürmələr və standart vəziyyətlərdən oyun qurur. Planımız rəqibə davamlı pressinq tətbiq etmək və 2-ci toplara yiyələnmək idi. Təhlillərimiz meydandakı mənzərə ilə üst-üstə düşdü. Məhz nümayiş etdirdiyimiz əzmkar və intizamlı oyun sayəsində ilk xalımızı qazandıq.
– “Turan Tovuz” topun qapı xəttini keçdiyini iddia edərək hakimlərdən narazılıq edir. Həmin epizodla bağlı mövqeyiniz necədir?
– Epizodu dəqiq görə bilmədim. Düşünürəm ki, hakimlər və VAR mütəxəssisləri situasiyanı bizdən daha yaxşı təhlil edib düzgün qiymətləndiriblər.
