Azərbaycan Premyer Liqasının II turunda səfərdə “Zirə”yə 1:3 hesabı ilə məğlub olan “İmişli”nin baş məşqçisi Fərid Namazov matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə məğlubiyyət barədə təəssüratlarını bölüşüb.
– Rəqibin dominant futbol oynamağa çalışacağını bilirdik. Avrokubok və çempionat oyunları da bunu göstərirdi. Onların hücum xəttini neytrallaşdırıb, sürətli keçidlərə və əks-hücumlara çıxmaq istəyirdik. Topa nəzarət etməyə çalışsaq da, nə dərəcədə uğurlu alındığı sual altındadır. Öncədən təhlil etdiyimiz zonallardan qollar buraxdıq. Müəyyən fərdi səhvlərə yol verdik, lakin bunlar oyunun tərkib hissəsidir. Birinci buraxılan qola qədər tam fərqli oyun var idi, ardınca müəyyən eniş ya şandı. Sonda yenə texniki xəta səbəbilə qapımızda qol gördük. Futbolçularımdan razıyam. “Zirə”ni qələbə münasibətilə təbrik edirəm.
O, daha sonra mətbuat nümayəndələrinin suallarına cavab verib:
– Rotasiyalar zamanı nə çatışmadı?
– Ehtiyat qüvvə ilə bağlı müəyyən narazılığımız var. Klubun strategiyalarından biri gənclərə şans verməkdir, lakin hesab 1:2 ikən, 60–70-ci dəqiqələrdə təcrübəsiz futbolçunu meydana buraxmaq riskdir. Digər tərəfdən, onlar da haradansa başlamalıdırlar. Variantlarımız az olduğu üçün belə bir addımı atmağa məcbur qaldıq, amma verilən şansın dəyərini bilməlidirlər. Bu barədə özləri ilə ayrıca söhbətimiz olacaq. Mövsümün əvvəlində futbolçular tam hazır olmadığı üçün bəzən 5 əvəzetmədən maksimum yararlanmaq lazımdır. Dəyişikliklərdə bilərək bir az gecikdik. Hazırda heyət genişliyi baxımından çətinlik çəkdiyimiz üçün müəyyən axsamalar yaşayırıq.
