“Kolo-Kolo”nun hücumçusu Xordi Tompsonun Azərbaycana köçmək şansı artıb.
Prosport.Az Çili mətbuatına istinadən məlumatına görə, 19 yaşlı forvardın Avropada oynamaq üçün yolu açılıb.
Portuqaliya və Azərbaycandan təklifi olan gənc futbolçu “Kolo-Kolo”dan ayrılmaq üçün rəhbərliyə müraciət edib. Oyunçunun menecerinin də iştirak etdiyi iclasda Çili klubu onun istəyini müsbət cavablandırıb və Tompsonun Avropada oynamasına icazə verib.
İndi isə qalır onun təklif göndərən klublar arasında seçim aparması. Tompsonla Premyer Liqamızdan maraqlanan komandanın adı açıqlanmasa da, həmin klubun “Neftçi” olduğu güman edilir.
Qeyd edək ki, Çilinin U-20 yığmasına çağırılan Xordi Tompson 2021-ci ildən “Kolo-Kolo”nun əsas komandasında çıxış edir.

