2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir əcnəbi futbolçu keçidini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Portuqaliyanın “Vitoria” klubuna məxsus olmuş, son mövsümü icarə əsasında “Vilafrankezi”də çıxış etmiş Pakistan əsilli İsa Suliman ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, İngiltərənin Birminqem şəhərində doğulmuş İsa Suliman futbolun sirlərinə məhz bu ölkədə yiyələnib. “Aston Vila”nın akademiyasının yetirməsi olan 25 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində İngiltərənin “Çeltenhem”, “Qrimsbi Taun”, Niderlandın “Emen”, Portuqaliyanın “Nasional”, “Vilafrankezi” və “Vitoria” klublarında çıxış edib.
İsa Suliman İngiltərənin U-16, U-17, U-18, U-19, U-20, Pakistanın isə əsas milli komandasına da cəlb olunub.

