Çempionlar Liqasının I təsnifat mərhələsində “Flora”nı məğlub edən Polşanın “Rakuf” klubu növbəti mərhələyə yüksəlməsinə görə tam sevinə bilmir.
Prosport.Az xəbər verir ki, Polşa çempionunun II təsnifat mərhələsində “Qarabağ”la düşmək ehtimalı komandanı narahat edir.
Yerli KİV “Qarabağ”ın I mərhələdə “Linkoln Red İmps”i üstələyəcəyinə şübhə etmir. Həmkarlarımız Azərbaycan təmsilçisini özləri üçün arzuolunmaz rəqib adlandırıblar:
“Polşa klublarının avrokuboklarda üz-üzə gəldiyi klublar arasında “Qarabağ”dan dəhşətli rəqib yoxdur. “Rakuf” da növbəti mərhələdə komandalarımızın ən böyük cəlladı ilə qarşılaşa bilər. Qafqazın futbol “canavar”ı ilə qarşılaşmalarımız uğursuz başa çatıb. Azərbaycan komandasının ambisiyalarına baxanda, onların “Linkoln Red İmps”i keçməklə kifayətlənəcəklərini gözləmək olmaz. Bu komanda Çempionlar Liqasının qrupuna düşməyi hədəfləyir”.
Qeyd edək ki, “Qarabağ” bu gün cavab oyununda “Linkoln Red İmps”i qəbul edəcək. Cəbəllüttariqdəki ilk görüşdə ağdamlılar 2:1 hesablı qələbə qazanıb.

