Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Prosport.Az xəbər verir ki, Muxtar Respublika təmsilçisi braziliyalı Venderson Maranyau ilə anlaşıb. Tibbi müayinədən keçən 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Futbolçunun sonuncu klubu Odessa “Çernomorets”i olub. Vanderson vətənində “Koriçiba”, “Foz du İquasu”, “Marinqa”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” (icarə) klublarında forma geyinib. Vanderson müqavilə imzaladıqdan sonra təəssüratlarını klubun mətbuat xidməti ilə bölüşüb: “İlk dəfədir ki, Azərbaycanda oluram. Burada çoxlu həmyerlilərim çıxış edir. Biz də “Araz-Naxçıvan”a uğur qazandırmaq üçün gəlmişik. Nəticələrimizin yaxşı olması üçün çalışacağıq. Dəvət etdiklərinə və kluba keçidimə köməklik göstərdiyinə görə, rəhbərliyə və menecerimə təşəkkür edirəm”.

