UEFA Konfrans Liqasına Türkiyənin Ərzurum şəhərində hazırlaşan "Araz-Naxçıvan" klubu növbəti yoxlama matçını keçirib.
Prosport.Az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda qardaş ölkənin Super Liqa təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib.
Görüş qolsuz bərabərliklə nəticələnib.
"Araz-Naxçıvan"ın növbəti sınağı iyulun 17-də Superliqanın digər iştirakçısı “Trabzonspor”a qarşı olacaq.
Komanda Türkiyə toplanışı çərçivəsində daha əvvəl "Bayburtspor"la oynayıb və rəqibini 14:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə ayın 31-də Salonikidə baş tutacaq.

