Azərbaycanın qadın futbolçulardan ibarət yığması Belarusda təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.
Prosport.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Jodino şəhərində meydan sahibləri ilə üz-üzə gəlib.
Görüş Belarus millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Anastasiya Şuppo 37-ci, Anastasiya Şlapakova 55-ci və Viktoriya Valyuk 86-cı dəqiqədə fərqlənib.
Komandamızın üzvü Nigar Mirzəliyeva və Belarus millisinin 55-ci dəqiqədə 2-ci qolunu vurmuş Anastasiya Şlapakova matçın ən yaxşıları kimi mükafatlandırılıb. Onlara Belarus Futbol Federasiyaları Assosiasiyasının partnyoru olan "Luç" saat zavodu tərəfindən hədiyyə təqdim olunub.
Qeyd edək ki, komandalar arasında 2-ci yoxlama oyunu iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.

