"Çox xoşbəxtəm və komandaya qoşulmağı, burada oynamağı səbirsizliklə gözləyirəm. İnanıram ki, bu, böyük, uzunmüddətli və uğurlu əməkdaşlıq olacaq".
Prosport.Az-ın məlumatına görə, bunu İsveç "Yurqorden"inə keçən Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı klubun rəsmi saytına açıqlamasında deyib.
Bir neçə gündür Stokholmda olan 21 yaşlı hücumçu yeni komandasının təlim-məşq bazası, ev oyunlarını keçirdiyi stadion, xüsusilə də azarkeşləri ilə bağlı çox yaxşı təəssüratlarının olduğunu bildirib: "Özümü çox yaxşı hiss edirəm. Məşqçilərlə, rəhbər şəxslərlə görüşdüm, həmçinin "Tele2 Arena"da oldum və ötən bazar günü matça baxdım. Təəssüratlarım əladır. "Yurqorden" haqqında bir az bilirdim, amma bura gələndən sonra müsbət fikirlər daha da artdı.
Məni digər klublar da istəyirdi. Ancaq "Yurqorden"də bu transferin alınması üçün daha çox istək gördüm. Bu da qərar verməyimdə təsir etdi".
Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqaviləyə qol çəkib.

