Yassin Benziya, Patrik Andrade, Marko Veşoviç və İsmayıl İbrahimli ilə yollarını ayıran “Qarabağ” daha bir oyunçu ilə vidalaşacaq.
Prosport.Az "futbolinfo"ya istinadən xəbər verir ki, ağdamlılar 2022-ci ilin yanvarında Ukraynanın “Minay” klubundan təxmnən 200 min avro ödəyərək transfer etdiyi Rüstəm Əhmədzadə ilə sağollaşmaq üzrədir.
Millimizdə də oynamış futbolçu çempionun heyətində möhkəmlənə bilməyib. Gəlişindən 6 ay sonra icarəyə verilən 24 yaşlı hücumçu indiyədək “Zirə”də çıxış edirdi. Lakin qəsəbə klubu da son mövsüm bitən kimi onunla müqaviləni yeniləməyib. Belədə Rüstəm müqavilə ilə məxsus olduğu “Qarabağ”a qayıdıb.
Lakin Rüstəm Əhmədzadənin Ağdam klubunda oynamaq şansı yoxdur. O indi xaricə yollanmaq üçün variantlar axtarır. Ciddi təklif aldıqdan sonra futbolçu “Qarabağ”la 2026-cı ilin yayınadək olan müqaviləsinə xitam verməlidir. Təbii ki, müəyyən təzminat məbləği istəyən “Qarabağ” təklifləri müzakirə edəcək.

