Azərbaycan millisinin kapitanı Emin Mahmudov sabah Latviya ilə keçiriləcək yoldaşlıq matçından əvvəl mətbuat konfransına qatılıb.
Prosport.Az-ın Riqaya ezam olunmuş əməkdaşınxəbər verir ki, “Neftçi”nin futbolçusu fikirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb.
– Sabah yaxşı oyun göstərib, qalib gəlməyə çalışacağıq. İnanıram ki, bunu bacaracağıq. Latviya millisi də yaxşı kollektivdir. Əlimizdən gələni edəcəyik ki, qalib gələk.
– Milli komandanın heyətində ilk qolunu Latviya yığmasına vurmusunuz. Sabah fərqlənsəniz, 15 qolla yığma tarixinin bombardiri olacaqsanız. Bu barədə nə deyə bilərsiniz?
– Bu barədə düşünmürəm. Daha yaxşı olar ki, komandama kömək etmək barədə düşünüm. Əlbəttə ki, fürsət düşsə, qol vurmağa çalışacağam.
– Sabah millinin kapitanı və ştat üzrə penalti zərbəsini yerinə yetirən oyunçusu kim olacaq?
– Buna millinin baş məşqçisi qərar verəcək.
– Uzun müddətdən sonra milliyə qayıdışınızla yenidən komandanın lideri ola biləcəksiniz?
– Əlbəttə, bunu dərk edirəm. Hər gün öz üzərimdə çalışıram ki, formada qalam və daha çox oynayam.
Qeyd edək ki, sabah Latviyanın paytaxtı Riqadakı "Skonto" stadionunda keçiriləcək Latviya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

