Misli Premyer Liqasının XXXIV turunun “Səbail” – “Zirə” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– “Səbail”in Premyer Liqadan düşməsi ilə bağlı məyusluğumu bildirmək istəyirəm. Qış fasiləsindən sonra çox yaxşı, əzmkar “Səbail” var idi. Bir çox oyunda çoxlu fürsətləri qaçırdılar. Bu oyunda da, həmçinin. Düşünürəm ki, bu da Premyer Liqadan düşməklərinin əsas səbəblərindən oldu. Ümid edirəm ki, ruhdan düşməzlər. “Qəbələ” kimi böyük peşəkarlıq göstərib, Premyer Liqaya dönəcəklər. Neçə illərdir ki, futbolumuza rəng qatırdılar. Futbolçularımı təbrik edirəm. Bugünkü oyuna köklənmək asan deyildi. Ötən tur əsas məqsədimizə nail olmuşduq. Amma futbolçularla danışığımız olub. Bu gün onlar danışıqları düzgün təhlil edib, peşəkarlıq göstərdi. Əsas məqsəd avrokuboklara hazırlıqdır. Bizim üçün avrokubokların hazırlığının ilk hissəsi olacaq. Qapımızda təhlükəli epizodlar oldu. Top itkilərinə yol verdik. Futbolçular intizamlı idi. Hər bir komanda bizim üçün doğmadır. Bizi qarşıda son 2 oyun gözləyir.
– İndiyə qədər 70 xal yığmısınız. Bu haqda nə deyə bilərsiniz? Uğurlu nəticənin düsturunu tapmısınız?
– Ötən il də uğurlu nəticə olmuşdu. Bizim üçün xal yox, nəticənin uğurlu olması vacibdir. Keçən illə müqayisədə bu mövsüm daha yaxşı idik, uğurlu nəticələr oldu. İstəyərdik ki, çox xalımız, qələbələrimiz olsun. Xalın nə qədər olması yox, uğurlu nəticə vacibdir.
– Bu mövsümkü “Zirə” əvvəlkindən fərqlənir. Daha rəngarəng oynayır. İllər ərzində inkişaf mərhələsini keçdiniz ki, zirəvəyə çatdınız, yoxsa bu mövsüm əlinizin altında istədiyiniz komanda var idi?
– Futbolda bəzi təhlillərlə razı deyiləm. Onu da tam ortaya çıxarmaq üçün saatlarla zaman lazımdır. Mətbuat konfransı kifayət etməyəcək. Bizdə 90 dəqiqə necə bitib, ona baxılır və şərhlər başlayır. İlk ildə həmin məqam üçün, həmin heyət üçün, qısa zaman üçün əla nəticə idi, 4-cü olduq. Kimlərsə unudub, mən unutmamışam, hakim səhvləri çox idi. Kuboku qazana da bilərdik. “Sumqayıt”la qarşılaşacaqdıq. 5 ili ümumi təhlil etsəm, hər ilin özünə görə yeri olub. 5-ci yeri tutduğumuz il uğursuz olub. Bu il demək olar ki, çox nadir hallarda hakim səhvləri olurdu. Ötən il demişdim ki, düzələcək. 2 dəfə finalda oynamışıq, hər ikisində də şansımız olub ki, qalib gələk. Hər dönəmin özünə görə uğurlu “Zirə”si olub. Səhvlərimiz də olub. Ümumi təhlil etsək, 1 mövsümü uğursuz hesab etmək olar. Onda da 5-ci yeri tutmuşduq, 4-cü yerlə eyni xalda idik. Hər şeyi dərin təhlil etmək lazımdır. Bəzi futbolçuların adları qabardılır, o futbolçu, bu futbolçu. Yaxşı olardı ki, o fubtolçuların “Zirə”yə gəldiyi vaxtdakı durumu təhlil olunsun. Əslində bu şeylərin içində böyüyən biriyəm. Demək ki, ən uğurlu “Zirə” budur. Hər dönəmin öz “Zirə”si olub. Legioner limiti ləğv olunub, rəqiblərin hamısı bundan səmərəli istifadə edəcək. Bu mövsüm də uğursuz dönəm oldu, amma azarkeşlər yanımızda olub. Bu gün hər şey yaxşı alındı deyə, danışmaq rahatdır. Hər nəticəyə hazır olmalıyıq. Hər nəticə zamanı da duruşumuzu itirməməliyik.
– Yeni mövsüm də süni örtüklü meydançaları olan Premyer Liqa klubları olacaq. “Karvan” və “İmişli”nin süni örtüklü meydançada oynayacağı gözlənilir…
– Bu da aktual mövzudur. Çünki bəzi komandalarımız yaxşı, iddialı transferlər edir. Bu bizi sevindirir. Onların da yaxşı performans göstərməsi üçün şərtdir ki, meydança şəraiti yaxşı olsun. Tribuna, stadion bir-birini tamamlayır. Süni örtüklü meydanlar azalmalıdır. “Kəpəz”in meydançası var, “Turan Tovuz” təbii örtüyə keçə bilər. Süni örtüklü meydançaları futbolumuzdan yox etməliyik. İstər əsas komandalar, istər akademiyalar süni örtükdən çıxmalıdır. Futbolumuzun inkişafına mane olur. Usta futbolçular süni örtüklü meydançada ehtiyat edir. Təbii olaraq belədir. Bizim özümüzdə Yusuf Lavalın ustalığını bilirik, Portuqaliyadan gətirmişik. Əzələ əməliyyatı ilə qarşılaşdıq. “Turan Tovuz”da Denis Marandiçin zədəsi. Növbəti dəfə qorxa-qorxa oynayırlar. Bunu birlikdə həll etməliyik. Hamısına vəsait lazımdır. AFFA bu yöndə işlər görür, istəyir ki, bütün komandalar təbii örtükdə çıxış etsin. İnanıram ki, yaxın illərdə süni örtükdən qurtulacağıq.
– “Qarabağ”dan sonra ən çox qol vuran komanda “Zirə”dir. Bu mövsüm özünüzü necə tənqid edərdiniz?
– Həmişə təhlil edirik. Qələbə qazananda da axtarırıq ki, hansı dəqiqədə nəyi düzgün etmədik. Avrokuboklarda 2-3 uğurlu çıxışdan sonra komandada eniş yaşandı. Məni narahat edən o idi ki, eniş nə ilə bağlıdır. Komanda mübarizə aparırdı. Amma mental hazırlıqda eniş var idi. O mərhələni keçdik. Amma onu təhlil edirik. Əvvəlki illərdə qış fasləsindən sonra komandada eniş olurdu. Bu dəfə bəzi məqamlara diqqət yetirdik ki, eniş olmasın. Təhlillərin, məşqlərin sayını artırdıq. 2-ci yeri tutmağımızda həlledici məqam 3-cü dövrəni uğurlu keçirməyimiz oldu. Uğurlu olursansa, rəqiblərə də təsir edir. 3-cü və 4-cü dövrədə bəzi matçlara uğursuz başlayırdıq.
– Tyaqu Silvanın durumu necədir? Aydın Bayramovun daha çox şans qazanması, onun psixoloji durumuna nə yöndə təsir edir?
– Tyaqunun psixoloji durumunda eniş var. Onunla təklikdə görüşlərimiz çox olub. Hər zaman demişik ki, “1 nömrəli” qapıçımız sənsən. Bu gün onu oynatmaq istəyirəm, amma yerli məsələsi var. Çox istəyərdik ki, növbəti matçlarda qapıda Tyaqu dayansın. O bizim üçün dəyərlidir. Bəzən elə vəziyyətlər yaranır, istəmədən qərarlar verirsən. Amma Aydını da qazandıq. 30 uğurlu oyun keçirib. Biri var, 7-8-ci yerlərdə olan komandadasan, biri də var ki, 2-ci yeri tutan komandada qapıda dayanırsan. Növbəti mövsümdə sağlam rəqabət olacaq. Hər bir mövqedə rəqabət var. Hansısa oyunçuda eniş varsa, dərhal həmlə edirik. Bizim üçün komandada əvəzolunmaz futbolçu yoxdur. Futbolçularımız qəbul edir, anlayır. Ən yaxşısını edirlər. Ola bilər ki, bu gün formada deyilsən, yerinə başqa futbolçu oynayacaq.
– Çempionlar Liqasının (ÇL) yarımfinal matçlarından sonra bu deyim zarafata çevrilib ki, finalda gürcü, rus, erməni, iranlı oynayır, amma biz yoxuq. Bizim ömrümüz yetəcək ki, nə vaxtsa bir azərbaycanlını finalda görək?
– Yetəcək. Amma işlər qaydasında getsə. Bu gün onların finalda olub, bizim olmamağımız buraxdığımız müəyyən səhvlərin nəticəsidir. O yaş dönəmində vaxt olub ki, hamı ilə başabaş mübarizə aparmışıq. Onlar ÇL-in finalında oynayır, biz Azərbaycandan kənara çıxa bilmirik. Kim deyirsə ki, futbolçu yoxdur bizdə, Azərbaycan futbolunun düşmənidir. Bizdə hər zaman futbolçu olub. Yetişdirib, onları inkişaf etdirmək lazımdır. Biz qollarımızı çırmalasaq, hamı öz işi ilə düzgün məşğul olsa, illər sonra bizim futbolçularımız da Avropada çıxış edəcək. Aşağı yaş qruplarından başlamalıyıq, düzgün işlər görməliyik. Xəyal Əliyev (“Sabah”) Azərbaycan futbolundan çıxdı da. İstedadlı oyunçularımız Gürcüstan və Ermənsitandakından daha çoxdur.
– Düzgün inkişaf nədir?
– Uzun məsələdir. Aşağı yaş qruplarından başlamalıyıq. Məşqçilər, uşaqlar, məşqçilərə yaradılacaq şərait. İnkişafın cürbəcür yolları var. AFFA rəhbərliyi o yöndə işlər görür. Yaxın günlərdə o işlərin icrası başlayacaq. 6-7 il sonra bəhrəsini görəcəyik. Heyif bizim istedadlı oyunçularımızdan. Son 10 ildə 50 istedadlı oyunçu olub, Avropada oynamağa layiq idilər. Amma bəzi işlər doğru görülmədi.

