Almaniyanın “Nürnberq” klubu Azərbaycan milli komandasının üzvü Mahir Emreli ilə müqavilənin müddətini uzatmaq istəyir.
Prosport.Az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. Klubun yunan əsilli idman direktoru Yoti Xatsialeksiu məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, 27 yaşlı hücumçu ilə müqavilə müddətinin uzadılması üçün danışıqlar aparılır.
Ötən yay “Nürnberq”ə keçən azərbaycanlı futbolçunun müqaviləsinin müddəti bu yay başa çatır.
Xatırladaq ki, Emreli bu mövsüm 2-ci Bundesliqada 19 oyuna 4 qol vurub, 1 qolun ötürməsini edib. O, daha bir dəfə isə Almaniya Kubokunda rəqib qapısına yol tapıb.
Mahir Emreli ən son ötən həftə “Kayzaslautan”la matçda (2:1) komandasının 2-ci qolunun müəllifi olub.

