Uzun illər Rusiya millisinin formasını geyinmiş Aleksandr Mostovoy “Sabah”ın sabiq baş məşqçisi Murad Musayev haqqında xoşagəlməz ifadələr işlədib.
Prosport.Az xəbər verir ki, “Benfika” və “Selta” kimi klublarda oynamış Aleksandr Mostovoy hazırda “Krasnodar”ı çalışdıran Musayevi ələ salıb.
O, 41 yaşlı mütəxəssisi tanımadığını deyib: “Murad Musayevin məşqçilik bacarığını necə qiymətləndirirəm? Düzü, ümumiyyətlə, heç nə deyə bilmərəm. Onun haqqında kiminsə vaxtilə nəsə dediyini eşitmişəm, kim olduğunu izah etmişdilər. Haradan peyda olduğu bilinmir. Futbol oynamayıb, futbolla əlaqəsi yoxdur. Ona görə də kim olduğunu bilmirəm. Kimsə demişdi ki, ya topları daşıyıb, ya da klubda nəsə işlə məşğul olub. Bax, bizdə vəziyyət belədir. Futbol adamları bizdə guya pisdir və heç kimə lazım deyil, amma futbolla əlaqəsi olmayanlar işləyir”.
Qeyd edək ki, Murad Musayev 2021-ci ilin oktyabrından 2024-cü ilin fevralına qədər “Sabah”a rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 2022/23 mövsümündə Azərbaycan Premyer Liqasında gümüş mükafatçı olub.

