“Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan deyil. Millimizin nəticələri hamımızı məyus edir”.
Prosport.Az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, vəziyyətdən çıxış yolu tapılmalıdır: “Bunun üçün İnkişaf Strategiyası qəbul olundu. Düzgün plan uğurlu işin yarısıdır. Strategiyanın həyata keçirilməsi gündəlik işimizə çevrilib. AFFA-da kadr çatışmazlığı var. Müasir futbol idarəçiliyi qarşımıza ciddi tələblər qoyur. Ona görə milli assosiasiyanın strukturunda dəyişikliklər olacaq. Hər şeyi sıfırdan qurmalıyıq”, - deyə Cahangir Fərəcullayev vurğulayıb.
Baş katib uşaq futbolunda problemlərin olduğunu etiraf edib: “Bunun üçün yaxşı infrastruktur lazımdır. Hazırda bir nömrəli problem məşqçi qıtlığıdır. 10 milyonluq ölkə üçün cəmi 7 təlimçimiz var. Ona görə təlimçi yetişdirməliyik. Bunun üçün müəyyən vaxt lazımdır. AFFA tərəfindən təkliflər paketi hazırlanıb müvafiq qurumlara təqdim olunacaq”.

