Misli Premyer Liqasının XXVIII turunda keçirilən “Zirə” – “Şamaxı” (3:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvcəlcə oyunla bağlı fikirlərini bölüşüb.
– Milli fasilədən sonra ilk oyunumuz idi. 1-ci hissənin ilk 5-10 dəqiqəsi bizim üçün yaxşı başladı. Amma sonra oyun çətinləşdi. İstədiyimiz hücumları qura bilmirdik. 2-ci hissədə komandam xeyli fəallaşdı və düşünürəm ki, vacib 3 xal qazandıq. Bilirdik ki, rəqib əzmkardır. Xüsusilə son turlarda iddialı komandalara qarşı yaxşı oyunu ilə seçilir. Biz oyuna yaxşı köklənmişdik.
– Fasilədə futbolçularınıza nə dediniz?
– Fasilədə hücumda daha fəal olmağı tapşırdıq. Çünki 0:0 hesabı bizi qane etmirdi. Üstəlik, "Şamaxı” əks hücumlar, cinahdan asmalar zamanı hər an fərqlənə bilərdi. Hesabı açdıq və 2-ci qoldan sonra oyun bizim üçün daha rahat keçdi.
– Qarşıda “Qarabağ” və “Neftçi” ilə səfər oyunlarınız var. Nə düşünürsünüz?
– Bu oyunları nəzərə alsaq, bu matçda 3 xal qazanmağımız olduqca önəmli idi. Qarşıdakı matçlara da xallar qazanmaq üçün çıxacağıq.

