Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.
Prosport.Az xəbər verir ki, rəqib Belarus yığması olub.
Masazır qəsəbəsindəki "Bank Respublika Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
Gürcüstandan olan hakimlər briqadasının idarə etdiyi matçda hesabı 59-cu dəqiqədə cərimə zərbəsindən sonra Pavel Zabelin açıb. 78-ci dəqiqədə isə meydana yenicə daxil olan Nikita Demçenko Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin kobud səhvindən sonra qapıçı ilə təkbətək qalaraq, yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, millimiz 3 gün öncə yoldaşlıq matçında Haiti seçməsinə 3 cavabsız qolla uduzub.

