Misli Premyer Liqasının XXVII turunun “Sabah” – “Zirə” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Birinci hissəni çox yaxşı oynadıq. İkinci yarıda rəqib olmayan cərimə zərbəsindən fərqləndi. Oyunun sonunda da hücumda olarkən hakim matça nəzarəti bitirdi. Belə sürprizlərlə qarşılaşmamışdım. Bizə həddindən artıq sarı vərəqələr verildi. Halbuki kobud oynayan komanda deyilik.
– Oyunun nəticəsi ədalətli oldu?
– Hesab bərabər olsa da, ilk hissəni çox yaxşı oynadıq. Son 20 dəqiqədə də yaxşı performans göstərdik. Hakimlərdən danışan deyiləm, amma qəribə qərarlar oldu. Ümumi desəm, hakimlərdən məmnun deyiləm.
– Qeyri-stabil nəticələr sizi ruhdan salmır?
– Yox, ruhdan düşmürük. İşləyirik.
– Hakimlərdən narazısınız. Sizcə, bu, xüsusi atılmış addımdır, ya hakimliyin səviyyəsi belədir?
– Sadəcə şərh etdim. Əlavə nəsə demək istəmirəm.

