17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Avropa çempionatının II seçmə mərhələsində növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstan yığması ilə üz-üzə gəlib. Bayıl stadionunda təşkil olunan qarşılaşma dramatik keçib. Azlıqda qalmış rəqib matça əlavə olunmuş dəqiqədə hesabı bərabərləşdirsə də, Nərgiz Qurbanovanın yetirmələri 2 dəqiqə sonra qələbə qolunu vuraraq 3:2 qalib gəlib.
Millimizin heyətində qolları Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) vurub. Rəqibdən Monika Baliova (45+2) və Katerina-Mariya Ravnaçka (90+1) fərqlənib. Qerqana Xalyanova isə 77-ci dəqiqədə gürcü hakim Mzevinari Şaraşanidzenin göstərdiyi 2-ci sarı vərəqə ilə meydandan qovulub.
Qrupun digər oyununda Lüksemburq yığması Malta seçməsini də 5:0 hesabı ilə darmadağın edib. Yığmamız bu qələbə ilə 2-ci sıraya yüksəlib.
Qeyd edək ki, yığmamız ilk oyunda Lüksemburqa 0:5 hesabı ilə uduzub. Komandamız qrupda son matçını martın 18-də, saat 13:00-da qol vurmamış və xal qazanmamış autsayder Malta millisinə qarşı keçirəcək. Bu qrupun matçları Bakıda keçirilir.

