Misli Premyer Liqasının XXVI turunda keçirilmiş "Araz-Naxçıvan" - "Qarabağ" matçında baş verən insidentlə bağlı AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.
Prosport.Az xəbər verir ki, qarşılaşmanın 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçuya 3 ay sınaq müddəti təyin olunub.
İnsidentdə iştirak edən "Qarabağ"ın oyunçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı da cəzasız qalmayıb. Təcavüzkar davranışa yol verən hər iki futbolçu 1-i şərti olmaqla 2 oyunluq cəzalanıb. Onlara 3 ay sınaq müddəti təyin olunub. "Qarabağ" futbolçularının hərəkətinə görə ümumilikdə 4000 manat cərimələnib.
Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu daha 800 manat ziyana düşüb.

