Konfrans Liqasının I təsnifat mərhələsində Minsk “Dinamo”su ilə Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar” arasındakı cavab matçının yeri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı qarşılaşmanın Bakıda keçiriləcəyini bəyan edib.
Belarus klublarının avrokubok oyunlarını öz meydanlarında keçirmələri qitə futbol qurumu tərəfindən qadağan olunduğundan, onlar rəqiblərini neytral meydanda qəbul etmək məcburiyyətindədirlər.
İyulun 20-də "Azersun Arena"da baş tutacaq görüşün start fiti saat 21:00-da səslənəcək. Qarşılaşmanı slovakiyalı FIFA referisi Mixal Okenyas idarə edəcək. Tərəflər arasında ilk oyun isə iyulun 13-də Sarayevoda olacaq.
Qeyd edək ki, “Dinamo” – “Jelezniçar” cütünün qalibi II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olacaq. Yəni, kimsə ikinci dəfə Bakıya səfər edəcək. Hətta minsklilər mərhələ adlayarsa, “Neftçi” ilə hər iki görüşü Azərbaycanda keçirəcək.

