Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun müəyyənləşib.
Prosport.Az-ın məlumatına görə, o, C qrupunun III turundakı İngiltərə – Almaniya görüşündə baş hakim olacaq.
Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq.
Qeyd edək ki, iyunun 28-də "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu matç Almaniyanın qrupdan çıxması üçün mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika – Niderland (0:0) matçını idarə edib. O, Çexiya – Almaniya görüşündə isə 4-cü hakim funksiyasını yerinə yetirib.

