"Qarabağ" Avropa Liqası Liqa mərhələsinin VII turu çərçivəsində Bakıda Rumıniyanın FKSB klubuna 2:3 hesabı ilə məğlub olub.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionunun baş məqşçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:
– Avropa Liqasında evdəki son matçımız idi. Bütün oyunlarda bizlərlə oldunuz, təşəkkür edirəm. Azarkeşlərə də təşəkkürümü bildirirəm. Şanslarımız az qalsa da, bizə inandılar. Haqları da var idi. Çünki belə çox oyunumuz var, son dəqiqələrdə yaxşı nəticələr əldə etmişik. Oyuna gəldikdə, danışacaq çox şey yoxdur. Bəzən futbolun düşünmədiyin anları var. Bu gün də onu gördük. 3 künc zərbəsi, 3 qol. Son saniyələrdə 4-cü kornerdən də fərqləndilər. Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Qalib gələ də bilərdik. Görünür, hardasa yenə də səhvlərimiz var. Ümumən komandam çox əziyyət çəkdi. Bütün oyunlarda belə idi. Bu mövsüm ən uğursuz seriyamız oldu. Hansı ki, məğlub olmamalı oyunlarda uduzduq. Deməli, bunun bizə faydası var, hazır olmalıyıq.
– Bu gün Fabiyan Buntiçi qapıya qoymağa peşman oldunuz?
– Xeyr. Mateuş Koxalski zədəli idi. 2 gün əvvəl zədələnmişdi. Peşman olmadım.
– Künc zərbələrindən buraxılan qollarda səhvləri var idi?
– Birində ola bilər. Amma təkrarda baxdım, çox da asan qollar deyildi.
– Juninyunun yoxluğu özünü göstərdi. "Qarabağ"ı gücləndirməyi düşünürsünüz?
– Avropa təcrübəsinə baxsanız, böyük klublar da 3 illik, 5 illik heyət formalaşdırır. 3-4 ildən sonra eniş olur. Futbolda gördüklərimiz belədir. Böyük klubların iş prinsiplərini də analiz edirik. Baxırıq ki, nə vaxt uğursuz olmağa başlayır. Heyətə baxsaq, 3-4 futbolçunu, sadəcə "23-lüy"ə salmışdıq. Onların üstün keyfiyyətlərindən istifadə edək deyə salmamışdıq. Juninyu kimi futbolçuların olanda da uduzursan. O da qol epizodlarını qaçırırdı. Bundan əvvəlki oyunlarda görmüşük. Aleksey Kaşşukun epizoduna gəldikdə, maksimum sürətli hücum idi. Onun orada olması çox vacib idi. Əsas odur. Qarşıdakı oyunlarda belə epizodlarda inanıram ki, Kaşşuk daha yaxşı istifadə edəcək. Potensialı var. Gücləndirməyə gəldikdə, mütləq bunu etməliyik. Komandaya bir neçə yeni oyunçu dəvət etməyi fikirləşirik. Əfsuslar olsun ki, qışda çətindir. Qarşıdakı aylarda işimizi aktivləşdirəcəyik.
– Avropa Liqasındakı nəticələr "Qarabağ"ın daxili oyunlarına psixoloji təsir göstərə bilər?
– Ola bilər. Futbolçular çox üzgün idi. Mütləq şəkildə çalışacağıq ki, qarşıdakı oyunlara daha da hazırlıqlı olsunlar. Son oyunumuz "Olimpiakos"a qarşıdır. Ona da ciddi hazırlaşmalıyıq. Çünki böyük klublara qarşı oynamaq hər bir futbolçu üçün böyük təcrübədir. Gələn il də bu komandalarla qarşılaşa bilərik. İstər-istəməz belə nəticədən sonra futbolçularda üzgünlük olur. Ola bilər ki, ilk oyunlarda özünü göstərsin, get-gedə komandanı formalaşdırmağa çalışacağıq.
– FSKB-dən hansısa futbolçu diqqətinizi xüsusi cəlb etdi?
– Bütün kollektiv məni cəlb etdi. Tək-tək deməyim düzgün çıxmaz. Hər xətdə lider futbolçuları var idi. Məşqçinin seçdiyi oyun sxemini yerinə yetirən qabiliyyətli oyunçular var. FKSB kollektiv oyuna üstünlük verir. Diqqətimi cəlb edən oldu, amma adını deyə bilməyəcəyəm.
– Leandru Andrade bu gün pleymeyker oynadı və qol vurdu. Sizin üçün Andradeni vinger oynatmaq yaxşıdır, yoxsa pleymeyker?
– Sol ayağı olsaydı, həmişə sağda oynadardım. Digər futbolçulardan bir az seçilən biridir. Başqa xüsusiyyətləri var. Ondan pleymeyker kimi də yararlanırıq. Lazım olan qədər faydalanırıq.
– Avropa Liqasının format dəyişikliyi uğursuz nəticələrdə nə dərəcədə rol oynadı? Çünki adətən siz ilk oyundan sonra rəqibi daha yaxşı analiz edirsniz. Burada isə belə şans yoxdur...
– Mən bir az geriyə qayıdacağam. Bu il avrokuboklara çox yaxşı hazırlaşmışdıq. Avstriyadakı matçlarda da komandamız daha yaxşı, daha güvənli idi. Bunu ilk oyunlarda hiss etdik. "Linkoln", "Ludoqorets"lə matçları da bura daxil edə bilərəm. Komandada ümumi hazırlıq pis deyildi. Sadəcə, nəticə olmadı. Bəli, format fərqli idi. Amma nəticə olmadı. Oyunun gedişatında daha da hiss olundu ki, bu mövsüm biz təcrübəli komanda olmuşuq, bu cür komandalara daha rahat hazırlaşıb oynayırıq. "Dinamo" (Zaqreb) ilə oyunları xatırlayaq, nə qədər qol epizodlarımız oldu. Görünür ki, builki avrokubok matçlarından mütləq yaxşı nəticə çıxarmalıyıq. Daha riskli futbol oynayırıq. Futbolçularım həmişə cəsarətli olmağa çalışıb. Öz istədiklərimizi həyata keçirməyə çalışırıq. Hansısa oyunlarda ustalıq səviyyəsi futbolçularda çatışmır. Bugünkü oyunda 3 künc zərbəsindən 3 qol buraxdıq. Həqiqətən təsiredicidir. Formata gəldikdə, sonra daha yaxşı fikir söyləmək olar. Formatın üzərinə atmayaq ki, fikrimizdə o qalar. Futbolçulara başqa cür təsir edər.

