"Türkiyə ilə oyuna yaxşı hazırlaşmışıq. Xal və ya xallar alacağımıza ümidliyik".
Prosport.Az xəbər verir ki, bu sözləri Monteneqro millisinin futbolçusu Marko Yankoviç UEFA Mİllətlər Liqasının B Liqasının VI turunda sabah Türkiyə ilə keçiriləcək oyun öncəsi təşkil edilən mətbuat konfransında deyib.
"Qarabağ"ın yarımmüdafiəçisi rəqiblərinin A Liqasına yüksəlməyə layiq olduğunu bildirib: "Qələbə və bəlkə də heç-heçə Türkiyəyə A Liqasına vəsiqə qazanmaq üçün kifayət edəcək. Düşünürəm ki, onlar A Liqasında oynamağa layiqdir. Qrupda ən yaxşı futbolu türklər oynayırlar. Bir millidə "Real", "Yuventus", "İnter", "Benfika", "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" kimi klubların futbolçuları çıxış edirsə, o komanda A Liqasına yüksəlməyə layiqdir. Çox yaxşı komandadır. Əlimizdən gələni edəcəyik, amma çox çətin oyun olacaq. Çünki rəqibin gücü bəllidir".
Qeyd edək ki, sabah keçiriləcək Monteneqro - Türkiyə oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Hazırda Türkiyə millisi 11 xalla qup lideridir. Beş oyunun hamısında uduzan Robert Prosineçkinin rəhbərlik etdiyi Monteneqro isə sonuncudur.

