Azərbaycan Taekvondo Federasiyasında vitse-prezidentlərin sayı artırılıb.
Prosport.Az-ın xəbərinə görə, Nağı Səfərovun vitse-prezident postundan ayrılmasından sonra bura daha 2 vitse-prezident təyin olunub.
Bunlar Səməd Heydərov və Elşən Ələkbərovdur. Birinci şəxs federasiya prezidenti Kəmaləddin Heydərovun kiçik qardaşıdır. Səməd Heydərov 2021-ci ilin dekabrın 30-da federasiyanın Hesabat-Seçki Konfransında İcraiyyə Komitəsinə (İdarə Heyətinə) üzv seçilmişdi. Lakin indi o artıq vitse-prezidentdir.
Elşən Ələkbərov isə Kəmaləddin Heydərovun rəhbəri olduğu Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantıdır. O, iqtisadiyyat nazir Mikayıl Cabbarovun müavini olan Sahib Ələkbərovun (Velosiped Federasiyasının vitse-prezidenti) kiçik oğludur.
Bu təyinatlar bir müddət əvvəl reallaşsa da, federasiya bu barədə ictimaiyyətə məlumat verməyi lüzum bilməyib (daha əvvəl Füzuli Musayev və Nağı Səfərov da vitse-prezident postundan ayrılarkən, eyni hal yaşanıb – red.).
Bu qurumda digər təyinat federasiyanın mətbuat xidməti ilə bağlıdır. Bu aydan federasiyadan ayrılan Samir Məhərrəmovu AzTV-nin əməkdaşı Çinarə Qambayeva əvəzləyib.
Qeyd edək ki, federasiyanın digər 2 vitse-prezidenti FHN polkovniki Hikmət Səmədov və taekvondo üzrə dünya və ikiqat Avropa çempionu Niyaməddin Paşayevdir.
Kənan